Yeni nəsil kinorejissorlar: "Azərbaycan kinosunun gələcəyi"
Son illər Azərbaycan kinosunda yeni bir nəfəs, fərqli bir baxış və cəsarətli hekayələr özünü göstərməyə başlayıb. Bu dəyişimin arxasında isə ənənəvi kino dəyərlərini müasir dünyagörüşü ilə harmoniya edən yeni nəsil kinorejissorlar dayanır. Onlar, həm texniki cəhətdən daha hazırlıqlı, həm də ideyaca daha açıqdırlar. Bəs bu gənc rejissorlar Azərbaycan kinosunu hara aparır ? Onların yaradıcılığı hansı problemlərə toxunur və kino sənətinə nə kimi töhfələr verir ?
Ənənədən müasirləşməyə doğru
Sovet dövründə formalaşan və uzun müddət klassik struktura əsaslanan Azərbaycan kinosu 90-cı illərdən sonra ciddi bir durğunluq dövrü yaşadı. Maliyyə çətinlikləri, texniki çatışmazlıqlar və sənətə olan ümumi marağın azalması bu sənət sahəsini kölgədə qoydu. Lakin 2000-ci illərin sonlarından etibarən kino məktəblərində təhsil alan, beynəlxalq festivallarda iştirak edən və texnologiyanı daha yaxşı mənimsəmiş gənc rejissorların meydana çıxması bu mənzərəni dəyişməyə başladı.
Kimdir bu rejissorlar ?
Yeni nəsil rejissorlar sırasında Elvin Adıgözəl, Teymur Hacıyev, Hilal Baydarov, Asif Rüstəmov, və Rüfət Həsənov kimi adlar xüsusilə seçilir. Onlar təkcə ölkə daxilində deyil, beynəlxalq kino mühitində də ad qazanıblar. Hilal Baydarovun "Səpələnmiş ölümlər arasında" filmi 2020-ci ilin sentyabrında 77-ci Venesiya Film Festivalında nümayiş olunub. Teymur Hacıyev isə “Axşama doğru” adlı qısa filmi ilə Kann festivalının “Short Film Corner” proqramına seçilib. Bu rejissorların ortaq cəhətləri, onların daha çox fərdi hekayələrə, insan psixologiyasına və cəmiyyətin “səssiz” tərəflərinə fokuslanmalarıdır. Onlar qəhrəmanlarını çox zaman sıradan, lakin dərin daxili dünyası olan insanlardan seçirlər. Ənənəvi qəhrəmanlıq hekayələri yerini daha real və bəzən narahatedici həqiqətlərə verir.
Məzmun və forma baxımından yeniliklər
Yeni nəsil rejissorlar yalnız hekayə deyil, forma baxımından da yeniliklərə meyillidirlər. Klassik kino dili yerini eksperimental çəkilişlərə, uzun planlara və vizual metaforalara verir. Montaj, rəng seçimi və səs dizaynı kimi texniki elementlər bu rejissorların filmlərində sadəcə vasitə deyil, hekayənin bir hissəsinə çevrilir. Bu da tamaşaçıda daha çox iştirak hissi oyadır.Bununla yanaşı, bu filmlər tez-tez sosial mövzulara da toxunur: ailə dəyərlərinin dəyişməsi, kənd-şəhər ziddiyyəti, Qadınların cəmiyyətdəki rolu, gənclərin psixoloji təlatümləri və digərləri. Bu mövzuların işlənmə tərzi isə klassik didaktizmdən uzaq, simvolik və bədii dəyərlə zəngin olur.
Əsas maneələr və çağırışlar
Yeni nəsil rejissorların qarşısında duran əsas maneələrdən biri, hələ də kinematoqrafiyanın dövlət dəstəyinə güclü şəkildə bağlı olmasıdır. Çoxsaylı istedadlı rejissorlar şəxsi maliyyə imkanları və xarici fondların dəstəyi ilə işləməyə məcbur qalırlar. Bu isə yaradıcılığın davamlılığını çətinləşdirə bilər. Digər bir problem isə, yerli auditoriyanın bu cür filmlərə marağının az olmasıdır. Ticarət yönümlü, komediya və melodram janrına alışmış tamaşaçı bu eksperimental və düşünməyə vadar edən filmləri qəbul etməkdə çətinlik çəkir. Bu isə rejissorları bəzən “yerli ilə xarici arasında seçim etməyə” vadar edir.
Gələcəyə ümid varmı ?
Bəli, var. Çünki bu yeni nəsil artıq bir mədəni dalğa formalaşdırmağa başlayıb. Onlar bir-biri ilə əməkdaşlıq edir, bir-birini dəstəkləyir və ümumi kino mühiti yaradır. “Kino Məktəbi” kimi təşəbbüslər, yerli festivallar və platformalar bu hərəkatı daha da gücləndirə bilər. Eyni zamanda rəqəmsal platformaların inkişafı, filmlərin YouTube, Vimeo və ya digər beynəlxalq platformalarda nümayişi bu filmlərin daha geniş auditoriyaya çatmasına imkan yaradır. Artıq, kino yalnız kinoteatrlar üçün deyil. Yeni nəsil rejissorlar üçün ekran hər yerdədir.
Son olaraq, Azərbaycan kinosunun gələcəyi, şübhəsiz ki, bu gənc rejissorların əlindədir. Onlar sadəcə film çəkmir, həm də yeni bir kino dili yaradır, yeni bir tamaşaçı düşüncəsi formalaşdırmağa çalışırlar. Onların uğuru yalnız fərdi deyil, ümumi kino sənətimizin inkişafı üçün əhəmiyyətlidir. Bu səbəbdən həm dövlət, həm də cəmiyyət olaraq bu yaradıcı insanlara dəstək vermək, onların səsini eşitmək və onları dinləmək vacibdir.