Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
16 aprel 2024 21:04
430

İnklüziv təhsildə müəllimin rolu

İlk öncə qeyd edək ki, məktəblər bütün uşaqları, onların fiziki, intelektual, sosial, emosional, dil və digər xüsusiyyətlərindən asılı olmayaraq qəbul etməlidirlər. Bu, əqli və fiziki ləngiməsi olan, xüsusi istedada malik olan, kimsəsiz işləyən uşaqlar, etnik və mədəni azlıqlara mənsub olan uşaqlar da aiddir.

İnklüziv təhsil bütün uşaqları birləşdirməli və onlarda ayrı – seçkiliyə yol verilməsinin qarşısını almalıdır. Bunun üçün inklüziv təhsildə müəllimin rolu olduqca zəruridir. Çünki məktəbdə təlim-tədris prosesinin əsas iştirakçısı müəllimdir.

Bilik, bacarıq və vərdişlərin mənimsənilməsi üçün bütün uşaqlara kömək göstərməyə hazır olan müəllim kadrlarının hazırlanması olduqca vacibdir. Məktəbəqədər təhsil müəssisələrində mövcud psixoloji durum təhsilin uğurlu getməsinə şərait yaradır. Məktəbəqədər təhsil müəssisələrində bütün uşaqlara göstərilən qayğı, müəllim kollektivinə mənəvi və metodiki dəstək təlim-tərbiyənin düzgün təşkili üçün vacib məsələlərdəndir. Ən çətin, lakin şərəfli bir peşə olan müəllimlik hələ qədimdə "peyğəmbərlik peşəsi" adlandırılmışdır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Onların səyi ilə cəmiyyət daha da irəliləyir, daha böyük nailiyyətlər əldə edilir. Müəllim cəmiyyətin hər bir üzvünü - sağlam, ya sağlamlıq imkanı məhdud, fərqi yoxdur, - eyni məsuliyyət və qayğı ilə həyata hazırlayır. Hazırda ölkədə sağlamlıq imkanları məhdud - əlilliyi olan 57 mindən çox uşaq var. Onlardan 1105-i xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərindətəhsil alır. 7750-yaxın evdə təhsilə, 268 nəfər isə inklüziv təhsilə cəlb edilmişdir. İnklüziv təhsilin özəlliklərindən biri budur ki, ümumtəhsil məktəbləri və uşaq bağçalarının müəllim və tərbiyəçi ilə yanaşı, müəllim və tərbiyəçi köməkçisi də fəaliyyət göstərməlidir. Bu məqsədlə də İnkişaf Proqramı çərçivəsində Nazirlər Kabinetinin qərarı ilə 28 müəllim köməkçisi və 28 tərbiyəçi köməkçisi olmaqla 56 əlavə ştat ayrılmışdır.

Pedaqoji prosesin əsas subyekti olan müəllimin rolu inklüziv təhsildə, uşaqların təlim-tərbiyəsində daha önəmlidir. Uşaq üçün ən yaxşı nümunə onun müəllimidir. Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün müəllim pedaqoji işçidən, tərbiyəçidən daha çox dost, həmdəm, arxa olmalıdır. Əgər sağlam uşaqlarla işləyən müəllimdən, təlim, təhsil, tərbiyə və formalaşma proseslərini idarə etmək tələb olunursa, inklüziv təhsildə bunlara səriştəlilik də əlavə olunur. Müəllim bu zaman yalnız təlim-tərbiyənin təşkili və idarəedilməsinə, zəruri anlayış və biliklərin öyrədilməsinə deyil, uşağın bir şəxsiyyət kimi formalaşmasına və özünü təcrid olunmuş deyil, tam hüquqlu şəxsiyyət kimi hiss etməsinə şərait yaratmalıdır. Müəllim təkcə öz biliyini verməklə kifayətlənməməli, əqli və ya fiziki çatışmamazlıqlarından asılı olmayaraq, bütün uşaqlara sevgi və diqqət aşılamalı, onlara həyatı sevdirməli, onun gözəlliklərindən zövq almaqla yanaşı, özlərinin də bir gözəlik yaratmağa qadir olduqlarını hiss etdirməli, mənəvi-əxlaqi keyfiyyətləri, ictimai dəyərləri qəbul edərək sayqı ilə yanaşmalıdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla effektiv ünsiyyət mədəniyyətinin formalaşdırılması üçün tərbiyəçi müəllim aşağıdakı problem xarakterli məsələləri həll etməyə çalışmalıdır:

• onun şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar yaratmalıdır;

• tədris-təlim prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda bacarıqlar inkişaf etdirilməlidir;

• uşağın böyüklərin nitqini tam başa düşülməsi təmin olunmalıdır.;

• verbal və qeyri-verbal nitq arasındakı uyğunluq gözlənilməli və inkişaf etdirilməlidir.

Uşaqların davranışını idarə etmək tərbiyəçi müəllim üçün vacib məsələdir. Uşağın davranışına təsir edəcək üsullardan biri də modelləşdirmədir. Modelləşdirmə prosesi uşağa gördüklərini öyrətməkdir. Odur ki, tərbiyəçi modelləşdirmə üsulundan səmərəli istifadə etməlidir. Modellər xüsusilə faydalıdır, çünki modeli müşahidə edərkən davranışı təkrarlamağı öyrənən uşaq bu prosesdən vərdişlər haqqında çox informasiya qazanır.

Mütəxəssilər xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş zamanı kütləvi məktəb müəllimlərinin fəaliyyətində aşağıdakı problemlərin kəskin şəkildə müşahidə edildiyini qeyd edirlər:

1. Peşəkar xarakterli problemlər;

2. Psixoloji xarakterli problemlər;

3. Metodiki xarakterli problemlər.

Müəllimlərin inklüziv təhsilə psixoloji hazırlığı dedikdə, onun strukturu aşağıdakı kimidir:

• İnkişafında müxtəlif tipli çatışmazlıqlar olan uşaqları emosional cəhətdən qəbul etməyə hazırlıq;

• İnkişafında müxtəlif tipli çatışmazlıqlar olan uşaqları tədris fəaliyyətinə qoşmağa hazırlıq;

• Öz pedaqoji fəaliyyətindən razılıq və s.

İnklüziv təhsildə müəllim pedaqoji prosesi elə təşkil etməlidir ki, uşaqlar özlərinin qüsurluluğunu hiss etməsinlər, onlarda aqressivlik, küskünlük, təcridolunma, ünsiyyətdənqaçma halları yaranmasın. Müəllim belə uşaqların ailələri ilə qarşılıqlı əlaqə qurmalı, valideynləri övladlarının təliominə həvəsləndirməli, emosional-mənəvi dəstək olmalı, informasiya mübadiləsi yaratmalıdırlar. Təlimdə uşağın uyğun proqram materialını mənimsəmə səviyyəsi, davranışında müşahidə olunan irəliləyişləri, uşağın ünsiyyət vərdişlərinin inkişafı valideyndən çox müəllimin diqqətində olur.

Müəllim qüsurlu uşağın daxili aləminə, emosional vəziyyətinə, psixikasına yaxından bələd olmalı, özü də hər cür situasiya ilə qarşılaşmağa hazır olmalıdır. Əlil, fiziki qüsurlu uşağa müəllim ana kimi münasibət bəsləməli, onun hər şıltağına dözməli, həsaslıqla yanaşı, eyni zamanda ciddi və tələbkar olmalı, onların cəmiyyətində insani münasibətlərin formalaşmasına stimul yaratmalıdır. Hansı uşaqla (kor, kar, zəifeşidən, ambliomiyalı) işləməsindən asılı olmayaraq, müəllimdən insanlığa şərəf gətirə bilən humanizm, xeyirxahlıq, həssaslıq xüsusiyyətləri ilə yanaşı tolerantlıq tələb olunur. Çünki hər bir əlil uşaqda yalnız özünün bildiyi bir fitri istedad olur, bir fəaliyyət sahəsi inkişaf edir, lakin qüsuru ona çəkingənlik gətirir, istedadının üzə çıxmasına maneə olur. Müəllim bilməlidir ki, hər bir kor uşağın özünün rənglər dünyası, kar uşağın səsli-küylü bir aləmi, psixi inkişafı ləng gedən uşağın nə isə çızmaq, qurub-yaratmaq arzusu, istəyi var.Bütün bunları aşkarlayan müəllim inklüziv təhsildə təlim proqramında nəzərdə tutulanları öyrənməklə yanaşı, ilk növbədə sağlamlıq imkanları məhdud uşaqların şəxsiyyət kimi formalaşmasına, özlərini cəmiyyətin layiqli bir üzvü kimi hiss etmələrinə və cəmiyyətin onları qəbul bərabərhüquqlu üzv kimi qəbul etdiyinə inandırmalıdır.

İnklüziv təhsil sahəsində çalışan hər bir müəllim, pedaqoq aşağıdakı bacarıqlara qadir olmalıdır:

1. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası;

2. Uşaqların təhsilə cəlb olunması;

3. Əqli inkişafın, qavrama bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi;

4. Əqli inkişafın, qavrama bacarıqlarının qiymətləndirilməsi və onlar üzərində iş;

5. Sosial və özünəxidmət bacarıqlarının aşılanması;

6. Uşaq inkişafı sahəsində müxtəlif mövzulu təlimlərin keçirilməsi;

7. Uşağın və ailənin psixoloji problemlərinin araşdırılması, konsultasiya xidmətlərinin verilməsi;

8. Ünsiyyət və nitq bacarıqlarının qiymətləndirilməsi və inkişaf etdirilməsi;

9. Ailələrə sosial xidmətin göstərilməsi, ailələrin maarifləndirilməsi.


5
Müəllif
1.6
elay_
0 izləyici
Şərhlər