Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
19 aprel 2024 03:30
242

Boşanma mədəniyyəti


Son illər ən aktiv şəkildə müzakirə olunan və qarşısı alınmağa çalışılan bir proses olan boşanmaya bir qədər kənar rakursdan baxsaq nə görə bilirik? 

Televiziyadakı ali təhsilli ekspertlerden tutmuş, qonşuluqdakı heç orta məktəbi belə bitirməmiş Zibeydə xalayadək hər kəsin əsrin faciəsi adlandırdığı bir hadisəydi boşanma və israrla görünməyən, anlaşılmaq istənməyən tərəfləri vardı.

Boşanmanın yayılması şəxsi fikrimcə nəsillərdir ailə içində baş verən mənəvi seperasiya və ya daxili aləmdə yadlaşmayla yeni nəslin barışmaq istəməməsindən yarandı. 

Yəni cəmiyyət iki insanın bir- birindən uzaqlığını, həyatlarını, düşüncələrini, hissləri artıq bir birilə paylaşa bilməməsini nə qədər normal qəbul edirsə fiziki cəhətdən bu ayrılmanı icra etməsini bir o qədər anormallaşdırır. Bizdən öncəki nəsil sanki səssiz-səmirsiz daxilən yüngül desək bir-birilərilə vidalaşırdılar və ailə həyatının belə davam etməli olduğu ideyasına təslim olub eyni evdə yaşamağa davam edirdilər. Bəzən bu vidaya nifrət və digər kəskin hisslər və davranışlar da müşayiət edirdi. Hətta kənar bunu hiss etsə də hələ də formal olaraq birlikdə yaşamağa davam edən cütlük və cəmiyyət bunu evlilikdə baş verməli olan normal bir proses kimi görürdü. 

İndi isə artıq bu proses insanların daxili dünyasından qopub real, fiziki aləmə qədəm qoyur və hər kəs günahkar, səbəbkar axtarır. Ən reytinqli namizədlər hələ ki sosial media və seriallardır. 

Bizdə sanki ailə, yuva anlayışı və bunun haqqındakı təsəvvürlər həmişə qüsurlu olub. Bu kövrək, sağlam olmayan ideallara əsaslanmış birlik sadəcə nə vaxtsa çözülməliydi ki yerini həqiqətən özünü tanıyan, anlayan, özüylə və həyatla sağlam münasibəti olan insanlar sağlam ailə institutunu və bununla bağlı dəyərləri yenidən qura bilsinlər.

 Arxaya dönüb baxıram; bizdən öncə gələnlərə, nənələrə, hər biri sanki özünü qurban verərək onsuzda təməldən çürük olan bir şeyi qorumağa, onu həyatda reallıqda saxlamağa ümidsizcə çalışıb. Ürəkdən güldürülməyi, sevilməyi unudan və hətta gördüyü psixoloji və fiziki şiddəti qəbullanan bu qadınların övladları bu gün var güclərilə xoşbəxt olmağa çalışırlar və bu yolda irəliləyərkən illərlə beynimizə damğa kimi işlənmiş inanclara meydan oxuyurlar.

 İki insanın həyatlarını bir- birilərilə paylaşmağa son vermə anında ortaya çıxan mənzərə heç də faciəvi olmalı deyil, əksinə bəlkə də onlar sadəcə özlərini bir ömürboyu yadlığa əsir düşməkdən xilas etməyə çalışırlar və tənhalığa təslim olmamaq üçün mübarizə aparırlar.

Bu sətirləri yaza- yaza ağlıma 2011-ci ildə Oscar mükafatı alan "Boşanma" adlı İran filmi düşdü. Boşanmaya müraciət edən cütlüyün məhkəmə tərəfindən mürəciətlərinin ilk dəfə rədd edilməsindən sonra ard-arda yaşanan hadisələri və çəkişmələri göstərir. Məhkəmə boşanmanı əsassız hesab edir, aydın məsələdir ki bunu mental olaraq , keçmişin kök salmış düşüncələri əsasında edir. Halbuki sonda boşanma baş verir amma cütlük ilk cəhddən boşansalardı bu qədər hadisəyə rəva yaranacaqdımı?

3
Müəllif
1.1
nigar_alishova
1 izləyici
Şərhlər