Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
15 aprel 2024 04:15
160

Müasir incəsənətin "bazarı" niyə ölür?

Müasir incəsənətin ucuzlaşması:  bazarda sürətli tənəzzül və incəsənətin yeni dəyər normaları

Uzun müddətdir böyük rəğbət bəslənən müasir incəsənət əsərlərinin qiymətində son vaxtlar kəskin düşüş müşahidə edilir. Hərraclarda satılan əsərlərlərin qiymətləri və mütəxəssis rəyləri müasir incəsənət bazarında qeyri-müəyyənliyin və ucuzluğun yarandığını deməyə əsas verir. Məsələn, bu ilin mart ayında “Sotheby“, “Phillips“, “Christie” kimi başlıca hərrac evlərində satışa çıxarılan müasir incəsənət nümunələrinin böyük bir qisminin ya çox aşağı qiymətə satıldığı, ya da heç satılmadığı müşahidə edildi. Məsələn, afrikalı rəssam Emmanel Takunun 2021-ci ildə 189 min dollara satılmış “Sisters in Pink” adlı əsərini yeni sahibi mart ayında 8 min dollara sata bilib.

Qeyd edim ki, bu cür kəskin ucuzlaşmalar ancaq bir neçə əsərdə baş vermir, müasir incəsənət nümunələrinin əksəriyyətində bu cür kəskin ucuzlaşmalar var. Pat Steir, Frank Stella, Oscar Murillo, Dan Colen və Loie Hollowell kimi məşhur sənətçilərin əsərləri də son vaxtlar hərraclarda proqnozlaşdırılan qiymətlərə satıla bilmir.

Bu vəziyyət, sözsüz ki, incəsənət əsərlərini investisiya vasitəsi kimi görən kolleksiyaçıların yanaşmalarının dəyişməsinə səbəb olur. İncəsənət əsərini həmişə dəyəri artan və risksiz investisiya vasitəsi kimi görənlərin fikirlərini şübhə altına alır. Mütəxəssislər hesab edir ki, bu günə qədər satılan əsərlər şişirdilmiş qiymətlərə satılıb və bu şişmiş “şar” artıq partlamaq üzrədir.

Bəzi kolleksiyaçılar isə hesab edir ki, əsərlərə investisiya kimi yox, estetik dəyərinə və incəsənətə qatdığı dəyərə görə yanaşılmalı, bu nöqteyi-nəzərdən qiymət verilməlidir. Mütəxəssislər önəmli bir dəyişikliyin astanasında olan müasir incəsənəti hazırkı çətin vəziyyətdən çıxarmaq, bazarı yenidən tənzimləmək üçün incəsənət əsərlərinə investisiya vasitəsi kimi yox, zövq ünsürü kimi yanaşmağı tövsiyə edirlər.

Bəs nə baş verdi ki, əsərlərin qiyməti kəskin düşdü?

Ən əsası da necə olurdu ki, dəyəri az olan, hətta heç bir dəyəri olmayan əsərlər yüksək qiymətə satıla bilirdi?

Uzun müddətdir müasir incəsənətin itmiş sərhədlərindən, kapitalizmin gücündən, marketinq metodlarından istifadə edilərək istənilən obyekt incəsənət nümunəsi adlandırıla və şişirdilmiş məbləğlərə satıla bilir. Artıq əsərin qiymətini estetik dəyəri, texnikası, incəsənətə qatdığı dəyər yox, həmin əsərin müəllifinin məşhurluğu, toxunduğu mövzunun aktuallığı, əsər haqqında aparılan “reklam kompaniyaları”, müəllifin adının brendləşməsi və sair kimi amillər müəyyən edir.

İstənilən obyekti incəsənət əsəri kimi satmağa qadir olan sistem mövcuddur. Bu sistem sərgi salonuna hər hansı nəsnəni qoyub altına bəzəkli sözlər yazmaqla həmin nəsnənin əslində bu mənaya gəldiyini uydurmağa çalışmaqla “əsəri” istənilən qiymətə sata bilir. Bəs bu sistemin içində hansı qurumlar var? İncəsənət akademiyaları sözügedən sistemə daxildir, mədəniyyət və təhsil qurumları, muzeylər, qalereyalar, hərrac evləri də həmçinin. Kurotorlara iş və maaş verən də bu qurumlar olduğu üçün onlar vasitəsilə istənilən nəsnəni rahatlıqla “bəzəyə” və saxta məna yükü aşılaya bilirlər. Akademiyalar kurotorlara hər şeydən əvvəl marketinq, bir obyekti necə incəsənət əsəri kimi təqdim etməyi öyrədir.

Kimsə onlar tərəfindən bəzəkli cümlələrlə təqdim edilən nəsnələrin incəsənət olmadığını dedikdə isə özlərini müdafiə metodu kimi qarşı tərəfin incəsənətdən anlamadığını əsas gətirirlər. Əgər bir əsər izləyiciyə estetik təcrübə yaşatmır, zəka ilə bağı qopuq və təbii duyğu ifrazından məhrumdursa bəs hansı əsaslarla onun sənət əsəri olduğu iddia edilir? Bu arqumetə cavab olaraq Marsel Düşampın “Nəyin sənət əsəri olduğuna sənətçi qərar verir” fikrini əsas gətirərək onun “ready-made”lərinə əsaslanmağa çalışırlar.

Lakin bu fikrin sui-istifadəyə şərait yaratdığını Marsel Düşampın özü də 1966-cı ildə Lean Antonieyə verdiyi müsahibədə vurğulayır:

“Lakin “ready-made”in də öz-özlüyündə təhlükəli olduğunu çox yaxşı bilirəm. Bu təhlükə istehsal prosesinin asanlığından qaynaqlanır. Belə ki, bir il ərzində minlərlə ready-made hazırlamaq olduqca monoton və sıxıcı olar. Ona görə tövsiyə edirəm ki, ready-madelərin istehsalında bəzi məhdudiyyətlər olsun.”

Görünür Düşampın proqnozu özünü doğrultmaqdadır. Tarix boyu incəsənət bazarında heç vaxt bu qədər əsər və bu qədər sənətçi olmayıb. Sənət əsəri kimi o qədər obyekt istehsal edilib ki, hazırda tələb-təklif balansı alt-üst olmuş vəziyyətdədir.

Hazırda bu cür əsərlərin qiymətlərinin kəskin formada düşməsi uzun müddətdir davam etməkdə olan prosesin yekunlaşmaqda olduğunun göstəricisi ola bilər. Bu prosesdə itirən hazırda panikaya düşərək mümkün qədər tez zamanda əlində olan əsərləri satmağa çalışan, incəsənəti investisiya vasitəsi kimi görən kolleksiyaçılar, qazanan isə müxtəlif metodlarla süni şəkildə şişirdilmiş sənətçilərin kölgəsində qalan əsl sənətçilər ola bilər.

Instagram: @senet_divari ( https://www.instagram.com/senet_divari/ )

4
Müəllif
Şərhlər