Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Şəxsiyyət və Zaman
11 may 2024 15:14
549

Şəxsiyyət və Zaman

    Hər dövrün öz tələbləri, öz aktual mövzusu və özünün zərurətləri olur. Bu zaman dilimləri insanları sınağa çəkərək düşünməyə, fəaliyyət göstərməyə və ən önəmlisi inkişaf etməyə sövq edib və hələ də edir. Sizcə, niyə zaman mərhələlərə, dövrlərə bölünür? Çünki insanlar zamanın tələbinə əsasən təkmilləşirlər, dünyagörüşləri artır, düşüncələri dəyişir, beləliklə dövrlər arası keçid baş verir.

    Tarixi belə bir bənzətmə ilə ifadə edə bilərəm. Elə təsəvvür edin ki, tarix psixoloqa gələn bir xəstədir,tək fərq isə ondadır ki, onun psixoloqu bir nəfər deyil, bütöv bir xalqdır. O problemlərini danışmağa başlayır,lazım olan isə ona kömək edə biləcək birilərinin olmasıdır. Yəni əslində tarix dövrün insanlarına sanki problemlərini pıçıldayır, insanlara həll yolu tapmaqda çağırış edir. Bu çağırışlarda onun səsi bu problemləri, zərurətləri görənlər,anlayanlar olur. Zaman geri dönüşü olmayan bir mövhumdur, daim öz axarı ilə davam edir. Amma onunla eyni vaxtda insanlar günbəgün yeni nəsillə əvəz olunur,yerlərini başqalarına verirlər. Eyni dövrün insanlarına zaman eyni problemləri deyir, insanların isə əksəriyyəti heç nə başa düşmür.Amma bir nəfər doğulur ki, digər yerdə qalanlardan fərqli düşünür,oxuyub-yazmağı öyrənir,digərləri kimi hamının etdiyi işləri görüb yalnız pul qazanmağa çalışmır,o da hamı kimi zamanın problemləri içində böyüyür, amma içində yaşadığı bu problemlərin fərqində olur. Bax o zaman artıq tarix, zaman başlayır o və onun kimiləri yetişdirməyə. Və elə bir vaxt yetişir ki, həmin insanlar xalqın tarixində çox böyük töhvələr verirlər. O töhvələr ki, indi biz onların sayəsində ziyalı bir xalqa, millətə çevrilib, indiki müasirliyimizə, inkişaf dövrümüzə çatmışıq.

     Hər hadisənin zamanı, səbəbləri və bu səbəblərdən yaranan zərurətləri olur. Abbas Səhhətin dediyi bir fikri burada bildirmək istəyirəm. Ondan soruşanda ki, siz həkimsiniz niyə müəllimlik edirsiniz? O belə cavab verib: “Mən müəllimlik etməklə xalqın ən böyük xəstəliyini-savadsızlığını müalicə edirəm”. Yəni elə dövrlər olub ki, insanları maarifləndirmək, məlumatlandırmaq lazım olub.Elə bu zaman yaranan bu zərurətlərdən tarix bizə dəyərli maarifçilərimizi, şair və yazıçılarımızı bəxş edib. Buna nümunə olaraq Mirzə Ələkbər Sabiri göstərmək istəyirəm, belə ki son görüşündə jurnalistə deyir ki, qəzetə yazarsan ki, “Mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm,əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım”. Buradan göründüyü kimi bizim neçə-neçə belə ziyalılarımız olub ki, həyatlarını xalqın yolunda sərf ediblər.

     İndi isə gəlin, Həsən Zərdabi- məşhur “Əkinçi” qəzetinin banisi haqqında danışaq, çünki o, xalq yolunda edilən yaxşılıqlar deyiləndə ilk ağlıma gələn şəxslərdəndir. Qəzet çap etmək onun çoxdankı arzusu idi və bunun üçün bəzi addımlar atmağa başlayır, çar idarələrinə qəzetin çapı barəsində yazanda onlara bu qəzetin sadəcə təsərrüfat xəbərləri haqqında olacağını bildirir, amma əslində bu qəzeti xalqı maarifləndirmək məqsədi ilə çap etmək istəyirdi, çar idarələrinin isə belə bir niyyətləri yox idi. Amma yenə də Zərdabi qəzeti çap etdirməyə nail olur, qəzetdə isə onun razılaşdığından fərqli olaraq insanların hüquqları, azadlığı və s. haqqında açıqcasına yazılırdı. Hətta söz azadlığı barədə olan məqalədə bu cür yazılırdı: “Heyvan haraya getsə gedər, hər tərəfə istəsə baxar, hər nə istəsə eləyər, haçan keyfi necə istəsə mələyər, amma insan nəinki öz istədiyini edə bilmir, hətta keyfi istədiyi kimi danışa da bilmir.” Göründüyü kimi insanlara düzgün yolu, həqiqətləri bu tərzdə məqalələr vasitəsilə göstərməyə çalışırdılar, halbuki Zərdabi sadəcə qəzet çap etmək arzusunda idi, yəni istəsə idi, həqiqətən də təsərrüfat ilə bağlı qəzet çap edə bilərdi, onsuz da savadsız insanlar üçün bunun əhəmiyyəti yox idi ki, qəzet nə haqqındadır, amma Həsən bəy həyatını təhlükəyə ataraq maarifləndirmə yolunda irəliləməyi qərara almışdı, çünki bu həmin dövrün problemi idi, Həsən Zərdabi isə bunu görənlərdən idi. Deməli, tarix ona problemlərini göstərə bilmişdi, onu bu gün üçün yetişdirə bilmişdi. Əgər həmin zaman belə bir problem olmasa idi, bəlkə də H.Zərdabi tarixdə sadəcə adi bir məişət qəzeti yazmış biri kimi qalardı, o məişət qəzeti ki, xalqın tarixində heç bir rola malik deyil. Zərdabi məqsədinə nə qədər çata bildi ya da insanları yaşadıqları dünya ilə nə dərəcədə tanış edə bildi, bilmirəm, amma onu deyə bilərəm ki, həyatını xalq üçün sərf etmək asan bir şey deyil, təsəvvür edin, həyatda nə qədər şey edə bilərsiniz, nə qədər seçiminiz var, amma siz sizə verilən bu ömrü başqalarının azadlığı, maariflənməsinə həsr edirsiniz. Mən deyərdim ki, əslində bu bir növ şəhid olmağa bənzəyir, şəhidlik pilləsinə yüksələnlər də xalqın torpaqları, onların ərazi bütövlüyü, azadlığı uğrunda həyatlarından xalq yolunda keçirlər, eynilə ömrünü, həyat məqsədini xalq yolunda qurban verən ziyalılarımız kimi. O məqsədlər bəzilərinin qaranlığına çevrilir və bu qaranlıq həmin insanlar üçün ölümə bərabər olur. Eynilə repressiya dövrünün qurbanları kimi, onlar da sadəcə xalqımızın yaxşılığı, azadlığı üçün mübarizə aparırdılar. Və bu yolda qaranlığa məhkum olsalar da, eyni zamanda parlaq gələcəyin unudulmaz xatirəsinə çevrildilər. 

    Qarşılıqsız heç nə olmur, o cümlədən də bu məsələdə də elədir deyə düşünürəm. Xalq yolunda sərf olunan həyat qarşılığında tarixə iz qoya bilirlər. Yəqin ki, unudulmaz olmaq qürurvericidir, amma unudulmazlıq sənin yoxluğunda lazımdır, yaşadığın zamanı isə özündən başqasına xərcləyə bilmək qabiliyyəti, məncə, hər insanda olmur. Yəni tarix yazmaq sadəcə həmin qabiliyyətə, həmin böyüklüyə sahib olan şəxsiyyətlərə verilən mükafatdır,o şəxsiyyətlərə ki, tarix tərəfindən yaradılır. Bəs onda görəsən tarixmi şəxsiyyətlər yetişdirir yoxsa şəxsiyyətlərmi tarix yazır? Əslində tarix şəxsiyyət yetişdirir ki, şəxsiyyət tarix yazsın...

6
Müəllif
Şərhlər