Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Yapon Yaşam Sənəti: Bilməli olduğumuz Həyat Fəlsəfələri
1 fevral 2024 16:27
476

Yapon Yaşam Sənəti: Bilməli olduğumuz Həyat Fəlsəfələri

Qədim Yapon həyat fəlsəfələri zehnimizi təmizləmək və problemlərimizə ən yaxşı çıxış yolu müəyyən etmək üçün həqiqətən faydalı ola bilər. Bu fəlsəfələr bizə həm özümüzə, həm də başqalarına qarşı daha anlayışlı və daha diqqətli olmağı öyrədir. 

Kintsugi – Qüsursuzluğu əhatə etmək

Bizim dünyamızda qadın, kişi, və ya əşya olsun, hər şeydə mükəmməllik axtarılır və bu üstünlük kimi görünür. Kintsugi adlanan bu fəlsəfə əsrlər əvvələ dayanan yapon ənənəsidir. Vaza, boşqab kimi qırılan əşyaların çatlarını qızıl tozu ilə düzəldən və onlara yeni kimlik qazandıran Kintsugi texnikası ilə obyektin qüsurları daha da qabardılır. Bu, obyekti atmaq əvəzinə qüsurları ilə qəbul edərək, çatlarını qızılla birləşdirərək əslində yeni həyat verir. Kintsugi həyatın bir çox sahəsinə tətbiq edə biləcəyimiz bir fəlsəfədir. Müasir incəsənətə də ilham verən bu qədim yapon ənənəsinin dünyanın aparıcı muzeylərində, rəsm qalereyalarında və sərgilərində çoxlu nümunələri görmək mümkündür.

Kintsugi fəlsəfəsi
Kintsugi fəlsəfəsi

Wabi-Sabi – Mükəmməlliyi tərk etmək

Ənənəvi Yapon estetikasında Wabi-Sabi qeyri-müəyyənliyin qəbuluna yönəlmiş dünyagörüşüdür. Bu fəlsəfə Kintsugi ilə oxşar hesab olunur. Tərcümədə "təvazökar sadəliyin zərif gözəlliyi" mənasını verən Wabi və "zamanın keçməsi və sonrakı tənəzzül" mənasını verən Sabi sözləri birlikdə özümüzün yaxşı və pis tərəflərini və asimmetriyanı necə qəbul edə biləcəyimizi göstərir.

Wabi-Sabi qüsurları daha mənalı və özünəməxsus şəkildə qəbul edir. Başqa sözlə, bu bizə tövsiyə edir ki, güclü tərəflərimizi qeyd edərkən qüsurlarımızı da qəbul edək. Həyat mükəmməl deyil. O həm xoşbəxt, həm də üzgün anlarımızı özündə birləşdirir. Siz yetər ki, bu gözəlliyi görməyə çalışın!

Wabi-Sabi fəlsəfəsinin gündəlik həyatımızda tətbiqi
Wabi-Sabi fəlsəfəsinin gündəlik həyatımızda tətbiqi

Shinrin Yoku – “Forest bathing”

Bu müalicəvi hissin Yapon mədəniyyətində mühüm yeri, hətta bir adı var: Shinrin Yoku. “Forest bathing” kimi tanınan bu termin dünyada günü-gündən yayılmaqdadır. Əslində, bu, meşəni və onun içində olanları hiss etmək, yaşamaq və sizinlə onun arasında bir əlaqə yaratmaq deməkdir. Meşə terapiyası olaraq da bilinən bu anlayışın həqiqətən də müalicəvi təsiri olduğu, Yapon təbabətində tez-tez istifadə edildiyi məlumdur.

Bu mövzuda araşdırma aparan Yapon həkim Dr. Qing Li-nin "Forest bathing: How trees can help you find health and happiness?" adlı kitabı var. Bu bələdçi kitabda Dr. Li öz araşdırmaları ilə izah edir ki, meşə terapiyası bədənin enerjisini tənzimləyir və stressi azaldır. 

Shinrin Yoku fəlsəfəsi – “Forest bathing”
Shinrin Yoku fəlsəfəsi – “Forest bathing”

Kaizen – Həmişə daha yaxşısını hədəfləmək

Kaizen etdiyiniz hər şeyi təşkil etməyə kömək edən Yapon məhsuldarlıq fəlsəfəsidir. Qısacası “daimi, davamlı təkmilləşmə” mənasını verir və əslində istənilən işdə tətbiq edə biləcəyiniz psixi vəziyyətdir.

Kaizen fəlsəfəsi ilk dəfə İkinci Dünya Müharibəsindən qısa müddət sonra ortaya çıxdı. Belə ki, bir neçə Yapon şirkəti hər şeyi həmişə olduğu kimi etmənin pis fikir olduğunu, xüsusən də onları daha rəqabətli edəcək yaxşı seçimlər mövcud olduğunu irəli sürdü. Qərb rəqiblərindən və istehsal üsullarından ilhamlanan Kaizen, eyni zamanda məhsula və sənətkarlığa hörmət etməklə yanaşı, biznes təcrübələrini təkmilləşdirmək üçün görülən işlərin izahına çevrilmişdir. Əlbəttə ki, siz Kaizen fəlsəfəsini həyatınızın hər sahəsində istifadə edə bilərsiniz.

İş həyatında Kaizen fəlsəfəsi
İş həyatında Kaizen fəlsəfəsi

Ichigo Ichie – İndiyə sığınmaq

Ichi-go Ichi-e (yojijukugo) yapon dilində dörd simvoldan ibarət bir ifadədir. Bunu “yalnız indi” və “həyatda bir dəfə” kimi tərcümə etmək olar. Daha poetik desək, indi yaşadıqlarımız bir daha təkrarlanmayacaq. Ona görə də hər anımıza qiymətli bir xəzinə kimi yanaşmalıyıq.

Ichigo Ichie hər anı müşahidə etmək, başqaları ilə harmoniya və həyat sevgisinə nail olmaq təcrübəsini əhatə edir. Buddizmin Yapon versiyası olan Zen təlimləri bizə Ichigo Ichie-ni gündəlik həyatımıza daxil etməyə çağırır:

  • Hər andan sanki son nəfəsinizmiş kimi həzz alın: hər dəfə yalnız bir gün yaşaya biləcəyinizə əminliklə oyanırsınız. Ona görə də xoşbəxtliyi təxirə salmayın.
  • Diqqətinizi yayındırmayın: Köhnə yapon atalar sözündə deyilir ki, iki ovunu eyni anda hədəfə alan ovçu heç birini öldürməz. Həm telefonumuza baxıb, həm kitab oxumağa çalışarkən də eyni şey olur. Zen bizə bir şeyi dünyada ən vacib şeymiş kimi etməyi məsləhət görür.
  • Gözlənti içərisində olmayın: Təxmin etmək, müəyyən şeylərin baş verəcəyini gözləmək "anı öldürür". Zamanın axarına buraxın...

Ikigai - Yaşamaq üçün səbəb tapmaq

Ikagi yapon anlayışıdır, mənası "varlıq səbəbi" deməkdir. Bu söz insanın həyatını dəyərli edən, həyat üçün məna və dolğunluq hissi verən məqsədə sahib olmaq deməkdir. Hamımızın hər səhər yataqdan qalxmaq üçün bir səbəbi var. Əslində, bu cür də olmalıdır.

Ikigai sözünün mənşəyi Heian dövrünə (794-1185) aiddir. Bir çox elm adamları və tədqiqatçılar bu qədim hadisənin arxasındakı həqiqəti araşdırıb və çox maraqlı nəticələr çıxarıblar. Ümumi nəticə budur ki, Ikigai sizi daha uzun və məhsuldar həyata sövq edir. Məqsədsiz həyat həqiqətən boş həyatdır. Ikigainizi kəşf etməyin, yerinə yetirmə, xoşbəxtlik və daha uzun ömür üçün qapıları açacağı deyilir. 

Ichigo Ichie və Ikigai fəlsəfəsi mövzusunda kitablar
Ichigo Ichie və Ikigai fəlsəfəsi mövzusunda kitablar

Ümid edirəm ki, hər birimiz həyatda öz "Ikigai"-mizi tapa bilərik!

9
Müəllif
Şərhlər